Yaradıcılığı Bakı şəhəri ilə bağlı olan polyak memarları arasında YEVGENI SKİBİNSKİNI (EUGENIUSZ SKIBINSKI, 1858-?) göstərmək olar. O, Şamaxıda anadan olmuşdur və güman ki, 1859-cu ildə baş vermiş dağıdıcı zəlzələdən, Bakı Şamaxı qubemiyasının mərkəzi olduqdan sonra onun valideynləri şəhəri tərk etmiş və Bakıya köçmüşlər. Skibinski 1886-cı ildə Peterburq Bədii Akademiyasını bitirmişdir. 1896-cı ilə qədər Bakı şəhər idarəsində texnik işləmiş, sonra isə Bakı texniki məktəbində müəllimlik etmişdir. O, çoxlu layihələr işləmiş, əsasən klassik memarlığın order sistemində birmərtəbəli evlərdən tutmuş üçmərtəbəli evlərə qədər çoxlu binalar tikmiş, klassik memarlıq üslubundan, o cümlədən, Zivər bəy Əhmədbəyov, İ.Qoslavski, Y.Skibinski, K.Skureviç, İ.PIoşko, İ.Edel, A.Eyxler Azərbaycanın, o cümlədən Şərqin memarlıq irsindən öz işlərində istifadə etmişdir. 1900-cü ilə qədər 250-dən çox layihə hazırlamışdır.

Başqa memarlar kimi Skibinski də şərq memarlığının motivlərindən istifadə edirdi. Amma Qoslavski Tağıyev sarayının əsas zallarından birini işləyərkən Kordov xəlifətinin və Məqribin «alışıb yanan» memarlığına meyl göstərəndə; Skureviç şərq və qərb elementlərini uyğunlaşdırmağa çalışanda Skibinski Bakı və Abşeronun qədim memarlıq ənənələrinə meyl göstərdi.

Skibinskinin ilk layihələrində müəllif dəst-xəttini müəyyənləşdirmək çətindir. Onun istedadı XIX-XX əsrlərin dönəmində üzə çıxdı. O, Persidski küçəsindəki (indiki Muxtarov, 24, 1899; hazırda burda Memarlar Evi yerləşir) Ağabala Quliyevin mülkünü layihələşdirərkən istedadını nümayiş etdirdi.

Quliyevın yaşayış evi Şirvanşahlar sarayı memarlığının bilavasitə təsiri altında tikilmişdir. Sifarişçi o vaxta qədər Avropanı səyahət etmiş, Avropa şəhərlərinin tikililərini görmüşdü, buna baxmayaraq, qərara gəlmişdi ki, evini milli-romantik ruhda tikdirsin.

Binanın həcm kompozisiyası tamdır və plastikliyi ilə seçilir. İkinci mərtəbədə nəzərə çarpdırılmış baş tağlar, ikinci mərtəbənin künc hissəsinin stalaktit sisteminə istinad edən konxaların tili yarımgünbəzləri və daş üzərində bədii oyma ilə örtülmüş timpanlar — bu kompozisiya elementləri memarlıq motivlərinin birbaşa mənbəyinə işarə edir. Baxmayaraq ki, fasadların memarlığında Şərq memarlığının elementlərindən istifadə olunub, baş tağlar miqyas və tənasüblərinə görə üstün mövqeyini saxlayır və binanın ümumi kompozisiyasını yerli milli üslubda təfsir edir.

Quliyevin evi Şərq üslublu digər tikililərin fonunda fərqiənir. Keçmiş irsə bu müraciət Azərbaycan memarlığında milli-romantik təmayülün əhəmiyyətini artırmışdır.

Memar Y.Skibinski çoxlu yaşayış evləri tikmişdir, ancaq onlar şəhərin dar küçələrinin adi tikililəri arasında o qədər də seçilmirdilər, onun yaradıcılıq tərcümeyi-halında yalnız Ağabala Quliyevin evi Azərbaycan memarlıq tarixində şərəfli yer tutur. O, həmçinin 1883-cü ildə inşa olunan Bakı dəmiryol vağzalının tikintisində iştirak etmişdir. Bakıya istedadlı, memariıqda yeni mövqeli memarların gəlməsi artıq gənc olmayan memarı şəhər idarəsindəki işini tərk etməyə və texniki məktəbə müəllimliyə keçməyə məcbur etdi.

Professor Şamil Fətullayev-Figarov

Реклама